Hekayəti-Molla İbrahimxəlil kimya agər PDF ap et Dosta gndər
Dramaturgiya - Mirzə Fətəli Axundov. Komediyalar.

Təmsili-qisseyi-vaqiə ki, keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir

ƏRFADİ-ƏHLİ MƏCALİS

Molla İbrahimxəlil – kimyagər, kəldəkli.
Molla Həmid – onun şagirdi, samuxlu.
Dərviş Abbas – onun nökəri, iranlı.
Hacı Kərim – zərgər, nuxulu.
Ağa Zaman – həkim, nuxulu.
Molla Salman – mərhum Molla Cəlil alimin oğlu, nuxulu, mərtub və qəviheykəl.
Məşədi Cabbar – tacir, nuxulu.
Səfər bəy – mülkədar, nuxulu.
Şeyx Salah – xaçmazlı.
Hacı Nuru – şair, nuxulu.

 

ƏVVƏLİNCİ MƏCLİS

Əvvəlinci məclis Nuxu şəhərində Hacı Kərim zərgərin evində vaqe olur min iki yüz qırx səkkizinci ildə, baharın orta ayında. Hacı Kərim zərgər xaçmazlı Şeyx Salahı Nuxuya varid olduğu səbəbindən öz evinə dəvət edibdir: aşnaları Ağa Zaman və Molla Salmanı və Məşədi Cabbar taciri və Səfər bəy mülkədarı və həm Şeyx Salah xaçmazlını. Amma Hacı Nuru şair ittifaqən çağırırmamış gəlibdir. Tamam əhli-məclis öz adəti libaslarında əyləşiblər, Şeyx Salahdan başqa ki, müəmməmdir, əlində uzun təsbeh çevirir. Ev sahibi Hacı Kərim zərgər əhli-məclisə mütəvəcceh olub mətləb başlayır.

Hacı Kərim zərgər. Həzərat, bilirsiniz ki, mən sizi nə işdən ötrü çağırmışam?
Məşədi Cabbar tacir. Biz bir zad bilmirik.
Hacı Kərim. Sizə qəribə xəbərim var. Kəldəkli Molla İbrahimxəlil, deyirlər ki, Tiflisə gedib, rüxsət alıb, gəlib Xaçmazın dağlarında çadır qurub, kimya qayırır. Məsələn, bir zad dürüst edibdir ki, adına iksir deyirlər. Bir misqal ondan bir batman misə vurur, xalis gümüş olur.
Ağa Zaman həkim. Mən dəxi eşitmişəm.
Hacı Kərim zərgər. Şeyx Salah öz gözü ilə görübdür ki, Əylis erməniləri iyirmi beş min manat sikkəli pul gətirib, Molla İbrahimxəlildən əlli pud xalis gümüş alıb aparıblar; belədimi, şeyxəna?!
Şeyx Salah. Bəli, oxuduğum haqqı, mən gözümlə gördüm ki, Molla İbrahimxəlilə hər kəs sikkəli pul gətirdisə, iki çəkisi bərabəri sikkəsiz xalis gümüş aldı apardı.
Səfər bəy mülkədar. Biz də gedək, alaq!
Molla Salman. Əgərçi nəqd pulumuz yoxdur, amma mən pullu Hacı Rəhim ilə dostam, əgər bir ilə on-on iki fayda və möhkəm girov verməyə razı olursanız, mən ondan sizə və özümə nə qədər pul istəsəniz ala bilərəm.
Məşədi Cabbar tacir. Molla, mənim özümün pulum var, amma tamam nisyədədir. Tezliklə ələ gətirmək çox çətindir. Əgər mümkün olur isə, mənim üçün Hacı Rəhimdən min manat al, iki dükanım var, yanında girov olsun.
Hacı Kərim zərgər. Min manat da mənim üçün al, evimi girov verdim.
Ağa Zaman həkim. Min manat da mənim üçün al, övrətimin bağını girov verirəm.
Səfər bəy mülkədar. Min manat da mənim üçün al, kəndim girov olsun.
Hacı Nuru şair (bimövqe cibindən bir kağız çıxarmış). Həzərat, bir yaxşı əhvalat, yəni avar ləzgisi altmış il bundan əqdəm Xanbutayın sərkərdəliyilə Nuxunu gəlib çapdığını nəzm etmişəm. Hələ bir qulaq asın, onu oxuyum, görün bu keyfiyyəti necə bəlağət və fəsahətlə bəyan etmişəm.
Ağa Zaman həkim. Ey, Hacı Nuru, bu məclis nə şer məclisidir! Ağzımızda söz danışırıq, məsləhət edirik, bu da gəldi ki, mən altmış il bundan əvvəl olan keyfiyyəti nəzm etmişəm. Ləzgi belə gəldi, belə getdi, bizə nə və bunun bizə nə faydası var?
Hacı Nuru şair (incimiş). Necə nə faydası var? Görərsiniz ki, o vaxt ləzgilər nə işlər sizin babalarınızın başına gətiriblər, nə birəhmlik onların haqqında ediblər. Məgər keçmiş güzarişatı bilmək bifaydadır?
Hacı Kərim zərgər (xoşluqla). Hacı Nuru, hələ şer oxumaq vaxtı deyil. Bir özgə farağat vaxtda oxuyarsan. İndi de görək, Molla İbrahimxəlildən gümüş almağa getməyi sən dəxi məsləhət bilirsənmi? Yəqin ki, sənin dəxi əqlin qəbul edən işdir.
Hacı Nuru şair (mükəddərliklə). Xeyr!
Molla Salman. Nə səbəb ilə?
Hacı Nuru şair. O səbəblə ki, hər kəsin öz sənəti özünə iksirdir və xoş güzəranlığına baisdir; dəxi nə lazımdır ki, adam kimyagərlərin dalısınca düşsün. Molla İbrahimxəlili mən görməmişəm, amma fərasət ilə bilirəm ki, haramzadalıq pəstahası açıbdır. Hərçənd bir neçə vaxt bundan irəli, belə ki, deyirlər o Tiflisə getmişdi, amma ona kimya qayırmağa kim izin verdi və kim gördü? İksirin aləmdə vücudu yoxdur. Əgərçi Xaçmazdan gələn bu Şeyx Salah sizi bir mərtəbədə inandırıb və əqlinizi çaşdırıb ki, mənim sözümə hərgiz etimad etməyəcəksiniz.
Hacı Kərim zərgər. İksirin aləmdə vücudu olmağına dəlil çoxdur, ehtiyacı təqrirə yoxdur. Hələ sən bunu isbat elə ki, hər kişinin öz sənəti necə özünə iksidir? Mən ki zərgərəm, yövmiyyə xərcimdən ötrü acizəm.
Hacı Nuru şair. Ondan ötrü ki, xalqın arasında etibardan düşübsən. Heç kəs sənə iş tutdurmur. Əvaildə yanına əsbab qayırmaq üçün hər nə qədər qızıl və gümüş gətirdilər, nisfindən artıq oğurladın, mis və bürünc qatıb sahiblərinə rədd etdin, axırda fisqin büruz etdi. Dəxi yanına bir adam iş gətirmir. Əgər doğru rəftar etsəydin, əlbəttə indi dövlətli kimsənələrin biri idin.
Ağa Zaman həkim. Xub, mən niyə biövzaəm?
Hacı Nuru şair. Ondan ötrü ki, öz sənətini tərk edib bilmədiyini işə ayaq qoydun; həkimlik sənin ki sənətin deyil idi. Sənin atan usta Rəhman dəllək ülgüc-bülöv ilə məqul dövlət qazandı, sən puç etdin. Mərhum zəhmət çəkib sənə pakizə dəlləklik öyrətmişdi, sən ona razı olmayıb, Tiflis dəlləkləri kimi, istədin ki, həkimlikdə dəxi şöhrət edəsən. Odur, bir qəbiristanlıq adam qırdın, xalq işindən başa düşdü, tərkini qıldı. İndi nə dəlləksən, nə həkim... Neçə kərə mən sənə dedim ki, rus həkiminin yanına gedib barı qızdırma davasını ondan öyrən; qarpız suyu ilə qızdırmaya müalicə etməkdən əl çək, sözümə qulaq asmadın...
Ağa Zaman (etiraz ilə). Mənə dedilər ki, rus həkimi qızdırmaya xleb-sol ilə müalicə edir. Rus dili bilənlərdən soruşdum: sol nədir? Dedilər duz. Mümkünmüdür qızdırmaya müalicə etmək duz ilə?
Molla Salman (Ağa Zamanın ağzını yumub). Kəs səsini, allahı sevirsən, həmaqətini az bildir, o duz başqa duzdur. (Sonra üzün Hacı Nuruya tutub). Hacı Nuru, sənin qiyasına görə mən gərək Qarun olaydım; bəs mən niyə bir həsir və lüləyindən qeyri bir zada malik deyiləm?!
Hacı Nuru şair. Onun da səbəbi var. Ondan ötrü ki, sən çox yaxşı qatırçılığa layiqsən: amma beyninə düşübdür ki, mən də gərək molla olam, ondan ötrü ki, atam molla idi. Atan oxumuşdu, kamalı var idi, molla idi. Sən ki öz adını dürüst yazmağa qadir deyilsən, nə üçün molla olursan? Kamal ata kürkü deyil ki, irslə övlada yetişə. O səbəbdən xalq arasında miqdarın yoxdur, dövlətin haradan olsun? Əgər qatırçılıq etsəydin, bu qavara və zor ilə ildə yüz əlli manata pul deməzdin. Səfər bəy mülkədər. Mənim niyə dövlətim yoxdur?
Hacı Nuru şair. Sən mülkədarsan, sənə lazım idi ki, əkdirəydin, biçdirəydin və dövlət qazanaydın; amma sən əbəs yerə özünü saldın qalmaqala, durdun onun ilə, bunun ilə döyüşməyə, xalqın dalısınca yaman sözlər danışmağa. Ümənayi-dövləti təqsirlidən, təqsirsizdən şikayət etməklə təngə gətirdin. Axırda nadinc adam qələminə getdin. Üç il divana düşdün, üç il sürgünə sürüldün, gözəl ömrün keçdi. İndi istəyirsən ki, bir yalançı kimyagərin dövlətindən birdən pullanasan, necə ki, Məşədi Cabbar təməinin çoxluğundan puluna yekə yek fayda kəsib, tamam cüzvi tənxahını birdən xalqa dağıtdı ki, birdən pullansın. İndi yalnız tənxahına da razıdır, əgər ələ gələ...
Hacı Kərim zərgər. Cənab şair, bərfərz ki, bizim hər birimizdə bir təqsir var ki, sənətindən bəhrəyab olmur. Bəs sən niyə öz sənətindən xoşgüzəran deyilsən? Qış tapsan, yaz tapmazsan; yaz tapsan, qış tapmazsan; sənin sözünlə, sənin hünərin, yəni şer demək bəs gərək bir böyük iksir olaydı?!
Hacı Nuru şair. Bəli, mənim hünərim fil-həqiqə iksirdir. Amma necə ki, siz deyirsiniz, iksirə laməhalə başqa filizzat lazımdır ki, onun təsirini qəbul edə; habelə mənim hünərim üçün dəxi ərbabi-zövq və kamal və mərifət lazımdır ki, dediyim əşarın qədrini bilələr. Zəmani ki, mənim bəxtimdən həmşəhərlilərim də ki sizsiniz, nə kamal var, nə ağıl var, nə beyin var; bu surətdə mənim hünərimdən nə fayda hasil olacaq, mənim şerim nəyə məsrəfdir?
Hacı Kərim zərgər. Bu nə qələt edir, nə yava danışır? Səni kim bu məclisdə çağırdı? Nəsihət verən vaqe oldu? Görəsən, haradan bu belə filosof olubdur? Çıx get, sənin nəsihətin bizə lazım deyil! Tamam əhli-məclis (bir yerdən). Çıx get, sənin nəsihətin bizə lazım deyil!
Hacı Nuru şair (tələsik şer kağızını götürüb qoynuna dürtüb). Gedirəm, doğru söz acı olar (gedir).
Hacı Kərim zərgər (əhli-məclisə). Həzərat, sözümüz sözdür. Gərəkdir ki, gələn həftənin başında pullar hazır ola, yola düşək Molla İbrahimxəlilin hüzuruna, Xaçmaz dağlarına.
Tamam əhli-məclis (bir yerdən). Bəli, sözümüz sözdür.

Pərdə salınır

İKİNCİ MƏCLİS

İkinci məclis Xaçmaz dağında vaqe olur. Dağın damənəsində bir müsəttəh və müəttər və rəngarəng gül, giyah ilə müzəyyən çəməndə iki çadır qurulubdur. Əlli qədəm bir-birindən aralı çadırların aşağı tərəfində ağacdan bir çardaq tikilib, içində böyük misgər kürəsi və bu kürəyə münasib bir görük nəsb olub. Kürənin çevrəsində ənbar ilə əzilmiş mis paraları tökülüb, guya tezliklə ərinib gümüş olasıdır. Çadırın birisinin yavığında genə ağacdan bir balaca çardaq qurulubdur.
Çəmənin üst tərəfi getdikcə uca, qarlı dağlara müttəsil olur və qabağında bir dərə var, içindən bir balaca çay axır. Dərənin hər iki tərəfində bitmiş yüzillik palıd və fıqdıs ağaclarının budaqları ahəstə əsən nəsimdən hərəkətdədir. Ənva və əqsam quşlar ağacların bir budağından o biri budağına qalxıb qonub, mövzun nəğəmat ilə dərəyə qülğülə salırlar. Çəmənin müqabilindən bir bulaq suyu qayadan ahəstə və həzin səs ilə axıb dərəyə tökülür və axdıqca qətəratı ətrafa səpələnir. Çəmənin gündoğan tərəfi göz işləməyən səhradır. Dərəyə getdikcə çadırların birisində sakindir Molla İbrahimxəlil kimyagər, birisində Molla Həmid, onun şagirdi. Balaca çardaqda olur dərviş Abbas, onun xidmətkarı, öz alət və əsbabi ilə.
Sübhdən iki saat keçmişdi. Günün şüası dərədən tədriclə mütəsaid olan dumanın üstündə bərq vururdu. Bu halda Molla İbrahimxəlil kimyagər öz çadırından çıxıb, şagirdi Molla Həmidin çadırı tərəfinə üz qoyub Molla Həmidi çağırır. Molla Həmid çadırdan çıxıb qabağına gəlir, ədəbli durur. Molla İbrahimxəlil başlayır ona deməyə.


Molla İbrahimxəlil. Molla Həmid, Nuxudan yola düşən adamlar Şeyx Salahın yazmağına görə gərək bu gün ikindi çağı buraya yetişsinlər.
Molla Həmid. Bəli, ağa, dəxi tez.
Molla İbrahimxəlil. Molla Həmid, onlar gələndə hörmət elə, çadıra əyləşdir, əhvalat xəbər al, soruş ki, nə mətləbə gəliblər. Əgər desələr ki, pul gətirmişik, gümüş alacağıq, de ki, ustadım keçmiş kürələrin gümüşünü tamam Əylis ermənilərinə veribdir və bu əldəki kürənin gümüşü dəxi onlara satılıbdır və ikinci kürənin iksirinin təkmil və tamam olmağına bir ay qalıbdır. Nahaq yerə siz cəfa çəkib gəlibsiniz... Ustadım sizdən nə pul qəbul edəcəkdir və nə də gümüş verə biləcəkdir. Əgər məni görmək istəsələr, de ki, ustadım üç günün etikafına əyləşib, ibadətdədir. Bu üç gündə adamla görüşmək və danışmaq ona mümkün deyil.
Molla Həmid. Niyə, ağa, belə buyurursan? Bəlkə elə dedim, pulları götürdülər, geri qayıtdılar! Molla İbrahimxəlil. Qərib əhməqsən, sən nuxuluları mənə tanıdırsan? Onları öldürməsən, məni görməmiş və pulları mənə verməmiş buradan getməzlər. sənə hər necə deyirəm, elə eylə! (Gedir öz çadırına).
Molla Həmid (dalınca). Baş üstə, ağa!

Bundan sonra, axşama iki saat qalmış nuxulular yetişir. Molla Həmid çadırdan onların qabağına çıxır.

Nuxulular (Molla Həmidə). Salam-əleyküm!
Molla Həmid (onlara). Əleyküm-salam! Xoş gəlibsiniz, səfa gətiribsiniz. Buyurun çadıra, əyləşin, rahat olun!
Nuxulular (Molla Həmidə). Çox müştaqvar idik sizi görməyə. Əhvalınız yaxşıdırmı? Damağınız çağdırmı?
Molla Həmid. Allaha şükür, belə səfalı yerdə, yaylada damağ çağ olmazmı? Xüsusən Molla İbrahimxəlil kimi büzürgüvarın xidmətində!..
Nuxulular. Bəli, belə səfalı yer çox tapılar, amma Molla İbrahimxəlil kimi büzürgüvar ələ düşməz. Aya, biz bu gün o cənabın ziyarətinə müşərrəf ola bilərikmi?
Molla Həmid. Mövlana üç günün etikafına oturub, ibadətə məşğuldur. Bu üç gündə bəni-adəm ilə mülaqat və mükalimə etmək və bir tərəfə çıxmaq ona mümkün deyil. Üç gündən sonra onu görmək olar. Hələ buyurun görək zəhmət çəkməyinizdən qərəz məhz o cənabın ziyarətidir, ya başqa bir məramınız dəxi var?
Nuxulular. Əvvələn, o cənabın ziyarəti ümdə mətləbdir. Saniyən, hər birimiz bir töhfeyi-həqir xidmətinə gətirmişik, əgər qəbul edib öz şəfqətini bizə şamil edə.
Molla Həmid. Bəli, anladım. Yəqin ki, pul gətirmişsiniz, gümüş almaq istəyirsiniz. Həqiqəti-mətləb budur ki, mövlana Molla İbrahimxəlil sizdən pul almayacaqdır; ondan ötrü ki, keçən kürənin və əldəki kürənin gümüşünü tamam Əylis ermənilərinə sikkəli pulun iki çəkisi bərabəri sövda edib veribdir və ikinci kürənin də iksirinin tamam və təkmil olmağına bir ay qalıbdır. Bu surətdə mümkün deyil ki, mövlana sizin pullarınızı qəbul etsin və sizə gümüş verə bilsin. Ələlxüsus, gümüş edənlər bir mərtəbədə çoxdur ki, hər kürənin gümüşünü bir ay, iki ay pişəki sövda edib alırlar. Nuxulular. Bizim ixlasımızın nisbəti mövlana Molla İbrahimxəlilə görə sair kimsənələrin ixlasına bənzəməz. Əgər biz özünü görə bilsəydik, çox yaxşı olardı.
Molla Həmid. Bu surətdə üç gün gərək səbr edəsiniz, taki mövlana müddəti-etikafını itmamə yetirə. Üç gün mənim əziz qonağımsınız.
Nuxulular. Çox yaxşı, çox gözəl.

Bu halda dərviş Abbas, sonni otuz, saçları çiyninə tökülmüş, gəndümgün, qırmasaqqal, dolu bığlı, uca qamətli, başında tac, çiynində pələng dərisi, əlində şahnəfir, qoltuğunda bir qırmızı böyük xoruz öz mənzilindən çıxıb heybətli səs ilə “yahu, ya həqq” deyib çadırların yuxarı səmtinə üz qoyub, bir münasib yerdə mıx çalıb, üç kərə şahnəfiri bozluyub, dağa-daşa səs salıb, xoruzu mıxa bağlayıb, Şeyx Sədinin əşarından bu üç fərdi xoş avaz ilə oxuyur.

NƏZM

Ruzi-bəharəst xiz, ta bətəmaşa rəvim,
Təkyə bər əyyam nist, ta digər ayəd bəhar.

Xiz, qənimət şümar cünbüşi-badi, rəbi,
Naleyi-mövzuni-murğ, buyi-xoşi-laləzar.
Bərgi-dirəxtani-səbz dər nəzəri-huşmənd,
Hər vərəqi dəftərist mərifəti-kirdgar.

Genə üç kərə şahnəfiri bozluyub, xoruzdan on qədəm iraq otların üstündə püsti-pələngi salıb, genə qaim və heybətli səs ilə “yahu, ya həqq” çağırıb, püsti-pələngin üstündə iki dizin qucaqlayıb oturur. Nuxulular dərvişin və şahnəfirin səsindən əvvəl halda sərasimə çadırdan dişarı sıçrayıb, bu növ haləti-qəribənin müşahidəsindən mədhuşvar keyfiyyətin axırınadək nigaran olub, dağdan-daşdan avazın əksi kəsilib sakit olandan sonra, nəhayət, təəccüb ilə Molla Həmidə mütəvəccöh olub, məqami-suala gəlirlər.

Nuxulular. (Molla Həmidə). Molla Həmid, bu dərviş nədir, bu xoruz nədir?
Molla Həmid (qəhqəhə ilə). Xa-xa-xa-xa-xa-xa! Bəli, bu sualı etməyə haq tərəfinizədir. Çünki siz biçarələr əsrardan qafil və ülumi-hikmət və kimyadan bixəbər adamlarsınız. Haman ələf ki, iksirin cüzi-əzəmidir və vücudu bu dağlarda olur və mölana Molla İbrahimxəlildən başqa bir kimsənə onu tanımağa qadir deyil, hükəmayi-yunanın təhqiqinə görə xoruz sövti ilə nümüvv edər; dərviş Abbasın öhdəsinə müqərrərdir ki, hər axşam bu xoruzu gətirib, haman gördüyünüz rüsumu cari edib bir təzə yerdə bağlasın. Gecə sabahadək yatmasın, xoruzu çaqqal və tülküdən mühafisət etsin; tainki gecə xoruz banlasın və onun səsi ilə ələfi-iksir nümüvv etsin və xoruzun xidməti bəqeyr əz tayifeyi-dəraviş sair əsnafi-xəlqə caiz deyil; necə ki, kitabi-Əcaibül-Qəraibdə sərahətən qeyd olunubdur. Nuxulular (təəccüb üzü ilə). Allahü əkbər... Sübhanallah...

Pərdə salınır

ÜÇÜNCÜ MƏCLİS

Üçüncü məclis genə haman yerdə, Molla İbrahimxəlilin çadırında vaqe olur. Molla İbrahimxəlil, sabah vaxtı səccadə üstündə, başında əmmamə, əlində uzun təsbeh, dizi üstə oturub övrad oxumağa məşğuldur. Molla Həmid, onun şagirdi, əl bağlayıb qabağında durubdur.

Molla Həmid. Ağa, buyurursunuzmu, qonaqları hüzurunuza çağırım?
Molla İbrahimxəlil. Yaxşı, get çağır!

Molla Həmid baş vurub çadırdan çıxır. Nuxulular ilə bərabər qayıdıb Molla İbrahimxəlilin hüzuruna daxil olur.

Nuxulular (bir yerdən Molla İbrahimxəlilə). Səlaməleyküm!

Molla İbrahimxəlil təbəssüm ilə halətinə əsla təğyir verməmiş, ahəstə gah o tərəfə, gah bu tərəfə yırğalanmaqda təsbehin dənələrin çevirə-çevirə səlamı rədd edir.

Molla İbrahimxəlil. Əleyküm-səlam, xoş gəlibsiniz, səfa gətiribsiniz. Zəhmət çəkibsiniz (nuxululara yer göstərir oturmağa).
Nuxululardan birisi (oturandan sonra). Sizin kimi büzürgüvarın ziyarəti üçün çəkdiyimiz zəhmət bizlərə eyni rahət və səadət göründü.
Molla İbrahimxəlil (kəmali-istiğna və təbəssümlə). Mənim şagirdim Molla Həmid sizin hüsni-övsafınızı mənə təqrir edibdi. Mən də sizi görməyə çox şaiq idim. Nəhayət, bir əmr barəsində, vallah, bilmirəm necə deyim, zahirən sizdən şərməndə olacağam; çünki Molla Həmidin təqririndən məlum oldu ki, siz guya bir miqdar pul gətirib gümüş almaq xahiş edirsiniz.
Nuxulular (təməllüq ilə). Bəli, ağa, əgər şəfqətiniz şamil olsa.
Molla İbrahimxəlil (xoşnudluqla). Vallah, sizin kimi əziz qonaqlardan şərməndə oluram. Gümüş müştərisi o qədərdir ki, hər kürənin gümüşünü bir ay, iki ay, pişəki alıb pulun verirlər. Keçmiş və əldəki kürələrin gümüşünü Əylis erməniləri alıblar. Bu ayın başında tamam olası iksirin və kürənin gümüşünü də Vartaşen yəhudiləri yalvarıb alıblar. Bu yavuq zamanda getdilər pul gətirməyə. Bu xüsusda mən hətta Molla Həmidə də deməmişəm, çünki onun yəhudilərdən zəhləsi gedir. Amma mənim onlara rəhmim gəldi. Çünki onlar bu yavuq kənddə olduqları cəhətdən mənə çox qulluq edirlər.
Molla Həmid (miyani-kəlamda). Ağa, bunlar...
Molla İbrahimxəlil. Hələ yavaş!.. Müxtəsəri-kəlam gümüş xahiş edənlər bir mərtəbədə çoxdur ki, hətta mənə aman vermirlər ki, iksirin müddəti-təkmilini itmamə yetirəm. Çünki iksirin əcza tərkibi gərək iyirmi gün müttəsil kükürd ərəqində yata, gili-hikmətdən qayrılmış zərfin içində və hər gün miqdari-müəyyəndə ona təzə ərəqi-kükürd qatıla. Sonra həmin əczayi-iksir gərək on gün müttəsil tizabi-ərğüvanidə qəri inbiqin içində qala və hər gün keçmiş tizab dəyişib tazələnə.
Bu dövreyi tərbiyət itmamə yetişəndən sonra əczayi-iksir gərəkdir hərarəti-nariyyə vasitəsilə öz təkmilini itmamə yetirsin. Gili-hikmətdən yapılmış butənin içində üç saəti-nücuminin ərzində xaricdən sair əczayi-əsrariyyə tədricilə məxluq olunmaq imdadı ilə ki, əvvəl bir cismi-maye nəzərə gəlir və sonra müncəmid olub yumşaq cismi-sabit olur. İksir, iksir ibarətdir həmin bundan ki, filizzati-kəsifəni, məsələn, mis kimi miqdari-müqərrərdə ərinəndən sonra bəmücərrədi-məzc xalis gümüşə münqəlib edir. Mənim işim həmin budur. Amma əhməq xəlq əz qərari ki eşidirəm, hər yerdə şöhrət verir ki, mən kəşf və kəramət sahibiyəm. Hərgiz belə deyil. Mən deyiləm məgər bir təqva sevən və həsənata talib adam ki, əvvələn, cənabi-barinin tövfiqi ilə və saniyən, elmi-kimyada olan bihəsr ittilaat və tətəbbüatımın imdadı ilə ülumi-hikmətdə müddətlər ilə gördüyüm təcarübün vasitəsilə aləmi-təbiətin əsrarına pey aparıb, iksirin tərkibinin keyfiyyətinə vaqif olmuşam. Hər dəfəyi-tərkibində bir para xarici, mənəvi şəraiti diqqətlə məmul və məlhuz etmək ilə ki, iksirin xəvassının müqtəziyyatındadır. Əgərçi sair mütəarif xalqa görə bu növ şəraiti-mənəviyyə badii-nəzərdə qəribə və əcibə görünür.
Molla Həmid. Ağa, onu ərz edirdim ki, bunlar hamı müsəlmandırlar, bunların tərcihi məlun cuhudlara vacibdir, əgər kərəminiz olsa...
Molla İbrahimxəlil (bir az dikəlib). Xeyr, elə deyil, mən söz vermişəm, milyon üçün öz sözümü dəyişmənəm. Bax, mənim xatirimə nə gəlir; hələ əvvəl sən mənə de görüm; bu ayın kürəsinin iksiri müddəti-təkmilindən sonra neçə pud misi gümüşə münqəlib etməyə kifayət edəcək?
Molla Həmid (başını yuxarı qovzuyub, gözünü çadırın səqfinə dikib, sağ əlini baş barmağı ilə çənəsinə təkyə verib, yarım dəqiqə mütəəmmil olub cavab verir). Otuz iki pud gümüşün iksiri mürəttəbdir ki, otuz gündən sonra təkmilə yetib, otuz iki pud misə vurulub xalis məhəkdən çıxmış gümüş edəcəkdir. Sən iki pudu dəxi misin tortasına-zadına çıx, gələn ayın əvailində otuz pud gümüş mövcuddur, necə ki, iksirin və filizzati-kəsifənin miqdarını mülahizə etməkdən müşəxxəs olur.
Molla İbrahimxəlil. Bu həzərat nə qədər pul gətiriblər?
Nuxululardan birisi. Beş min manat, ağa.
Molla İbrahimxəlil. Xub, Molla Həmid, bax, mənim xatirimə nə gəlir: bu həzəratın pulu cüzvi imiş. Bunlara on pud gümüş vermək lazımdır. Yerdə qalır iyirmi pud, onu da yəhudilər aparsınlar ki, mənim vədim xilaf olmasın. Sən necə bilirsən, yaxşı kəsdim işi? Həm sənin təvəssütün həmməzhəblərin barəsində məqbul oldu, həm mənim sözüm pozulmadı.
Nuxulular (daş vurub razılıq yolundan). Allah dövlətinizi artırsın. Buyurursunuz, ağa, pulları hüzurunuza təslim edək?
Molla İbrahimxəlil (azca qaşını əyib ahəstə, istiğna ilə). Pulları mənə nə lazım təslim etmək. Məndə hanı o qədər vaxt və fürsət ki, hər bir cüzviyyata özüm mübaşir olam. Sayın, tapşırın Molla Həmidə, otuz gündən sonra genə buraya gəlin, on pud gümüşünüzü alın, aparın. Xudahafiz! Günorta namazının vaxtı yetişir.
Nuxulular (baş vurur xoşhallıq ilə). Allah ömür və dövlətinizi artırsın.

Çadırdan çıxırlar.

Pərdə salınır

DÖRDÜNCÜ MƏCLİS

Dördüncü məclis genə haman yerdə vaqe olur. Nuxulular vədə verilmiş otuzuncu gündə sübh çağı uzaqdan görünürlər. Molla İbrahimxəlil tez belinə bir ağ fitə bağlayır, biləklərini çırmayır, mütəarif ev libasında, çit şəbkülah başında, əmmaməsiz çadırın qabağında durub, şagirdi Molla Həmidi çağırır. Molla Həmid qabağına gələndən sonra bu növ ilə ona buyruq verir.

Molla İbrahimxəlil. Molla Həmid, çaxırdan tez zərgər kürəsini butəsilə kiçik körük ilə çıxar gətir! Kürəni yerə qoy, körüyün lüləsini ona keçir, kürəyə od sal, butəni üstünə qoy. Çadırın dalısından kömür çuvalını gətir, kürənin yanına tök. Gir çadıra, bir məcməi içində üç rəngarəng balaca şüşə var və üç rəngarəng bükülmüş kağız var, götür gətir, sarı bükülmüş kağızı aç, içindəki əczanı tök butəyə, yaşıl şüşənin suyunu endir butənin içinə, otur, körüyü bas!

Bu buyruqlar tamam olandan sonra Molla İbrahimxəlil dəmir maşaya yapışıb butəni od üstündə bərkidir. Bu halda birdən çadırın dalısından, qıraqda atdan enmiş nuxuluların başları görükür. Molla İbrahimxəlil öz işinə məşğuldur. Aşağı əyilib butəyə baxır, nuxuluları görmür. Amma onlar Molla İbrahimxəlili bu halət ilə görməkdən vəcd edib, şövqdən qaim sövt ilə çağırırlar.

Nuxulular. Səlam-əleyküm!..
Molla İbrahimxəlil (başını qovzuyub). Əleyküməssəlam! Ax, siz bu gün nə üçün buraya ayaq basdınız? Bu nə işdir ki, mənim başıma gətirdiniz! Belə müsibət olmaz ki, məni saldınız! Mən sizə yaxşılıq etmək fikrindəyəm, siz mənim əməyimi və cəfamı zayə etmək fikrindəsiniz! Vay, vay, vay! Ax, ax, ax...
Nuxulular (təhəyyür ilə). Ağa, nə vaqe oldu? Bizdən nə təqsir sadir oldu? Biz nə eləmişik? Molla İbrahimxəlil (kəmali-yəsdə). Dəxi bundan artıq nə edəcəksiniz ki? Bu gün iksir tamam və kamil olan saatda və əcza butədə qaynayan vəqtdə bu yerə ayaq basdınız. Axır iksirin xasiyyəti budur ki, butədə qaynadığı yerin dörd ətraf və həvalisində bir ağacadək əcnəbi bəni-adəm ayağı gərək basılmasın. Və illa iksir öz xasiyyətini itirib havaya qalxar və puç olar. Necə ki, Şəkkaki-müsəxxiri-əcinnə bu xüsusda təkidati-bəliğə edibdir. Məgər mən öz ixtiyarımla belə abadanlıqdan xaric xəlvət guşəyə özümü çəkmişəm?
Nuxulular (heyrətlə). Ağa, biz sizin buyuruğunuza görə gəldir; otuz gün bu gün tamamdır.
Molla İbrahimxəlil. Axır mən demişdim ki, otuz gündən sonra. Bunun mənası budur ki, otuz gün ötürüb otuz birinci gündə gərək gələydiniz ki, iksir hazır olmuş və gümüş kürədən çıxmış olaydı. Siz gəldiniz otuzumcu gündə, iksirin butədə qaynamaq vəqtində. Ax, ax, ax!
Nuxulular. Hələ ki, belə ittifaq düşübdür, biz bilməmişik. İndi bunun çarəsi nədir?
Molla İbrahimxəlil. Dəxi əsla çarəsi yoxdur, nə iksir əmələ gələr, nə gümüş olar, məgərinki siz... Əlac münhəsirdir ancaq buna...
Nuxulular. Məgərinki... Biz nə eləyək, ağa? Əlac nəyə münhəsirdir?
Molla İbrahimxəlil. Dəxi ki, gəlibsiniz, laməhalə gərəkdir ki, iksir kürədə qaynadığı yerdən uzaqlaşmayasınız. Necə ki, qanuni-kimya təqaza edir, bəşərti ki, əgər öz xeyrinizi axtarırsınız və mənim sizin haqqınızda çəkdiyim cəfanı itirməzsiniz, iksir butədən çıxıb tamam olan zamana qədər ki, bir saatdır başlanıb, itmamına iki saat qalıb, gərəkdir ki, meymunu yadınıza salmayasınız və meymun şəklini xatirinizə gətirməyəsiniz. Əlac buna münhəsirdir və illa həmin iksir ki, indi bir aydır müttəsil onun pərvərişində zəhmət çəkirəm, türfətül-eyidə puç olub havaya qalxacaqdır. Xasiyyəti belədir, necə ki, Çullu həkim mükərrər təcrübə edib, öz kimya kitabında sərahətən yazıbdır.
Nuxulular (əlac səhl görünməkdən sevinib bir yerdə). Çox yaxşı, ağa, bu bir asan işdir; təki iksirin təkmili buna mövquf olsun...
Molla İbrahimxəlil. Bəli, həmin buna mövqufdur. Allah sizdən razı olsun, mən sizdən razı oldum. Molla Həmid, görüyü bas!..

Molla Həmid görüyü basır. Molla İbrahimxəlil butəni dəmir maşa ilə çevirir. İçinə yanındakı əczalardan birisini tökür, şüşələrin birisindən damızır, geri çəkilir. Saatı qoyun cibindən çıxarıb baxır. Bu halda Ağa Zaman həkim üzünü ona tutub.

Ağa Zaman həkim. Ağa, bundan başqa çarə yoxdurmu?
Molla İbrahimxəlil. Nədən başqa?
Molla Zaman həkim. Meymundan başqa.
Molla İbrahimxəlil. Kişi, nə danışırsan? Nə söyləyirsən? Vaveyla!!!
Ağa Zaman həkim. Axır, necə eyləyim, ağa? Meymunu yadımdan çıxara bilmirəm.
Molla İbrahimxəlil (darılmış və qeyzlənmiş). Kişi, kəs səsini!!! Unut fikrindəkini!!!
Ağa Zaman həkim. Baş üstə, ağa!
Molla İbrahimxəlil (şagirdi Molla Həmidə qeyzlə). Görüyü bərk bas! Yatırsan nədir?

Əyilir butəyə baxır, genə bir zad göy bükülmüş kağızdan butəyə tökür. Bu halda nuxululardan birisi, yəni Molla Salman papağını başından götürüb.
Molla Salman. Uf, nə istidir... Uf, lənətə gələsiniz! Uf, əl çəkməzlər! Çarə yoxdur...
Molla İbrahimxəlil. Kim lənətə gəlsin? Kimdir əl çəkməyən? Nədən çarə yoxdur? Nə söyləyirsən?
Molla Salman. Uf, çarə yoxdur... Əlac yoxdur...
Sair nuxulular. Doğrudur, heç çarə yoxdur... Hərgiz mümkün olmur.
Molla İbrahimxəlil (hamısına qeyzlə). Necə çarə yoxdur? Necə əlac yoxdur? Nə var? Sizə nə olub? Molla Salman (yoldaşlarının halətindən və təsdiqindən cürətlənib cavaba iqdam edir). Ağa, tamam dağların heyvanatı meymun şəklinə, böyük həmdunələr sifətinə dönüb, uzun quyruqları ilə nəzərimdə basışırlar, üstümə hücum gətirirlər. Uf, bilmirəm necə edim, hara qaçım! Uf, lənətə gələsiniz, meymunlar! Lənətə gələsiniz, həmdunələr!
Sair nuxulular (başlarını yuxarı qovzuyub). Uf, lənətə gələsiniz, meymunlar! Lənətə gələsiniz, həmdunələr! Bu nə iş idi düşdük!

Molla İbrahimxəlil cəld butəyə bir zad tullayır ki, nuxulular başları yuxarı görmürlər. Birdən butədən güllə kimi qığılcımlar sıçrayıb hər tərəfə dağılır, butə part edir. İksiri-mövhum barıt kimi havaya uçur. Od hər tərəfə səpələnir, tüstü havanı basır. Molla Həmid görüyün dalısından hövlnak geri sıçrayır, Molla İbrahimxəlil ikiəlli saqqalının tükünü yolur; gah dizinə çırpır və gah fəryad edir.

Molla İbrahimxəlil (nuxululara fəryad ilə). Evinizi allah yıxsın! Bu nə iş idi etdiniz? Evinizi allah yıxsın! Qapınız çırpılsın! (Başının tükünü yolur, dizinə çırpır).
Nuxulular. Ağa, sakit ol! Aram tut. Olacağa çarə yoxdur. İndi bizim təklifimiz nədir?
Molla İbrahimxəlil (şiddət diltənglik ilə). Sizin təklifiniz nədir? Təklifiniz budur ki, indi gün batmamış özünüzü yaxın kəndlərə yetirəsiniz. Qabaqdakı iksirin müddəti-təkmilinə qədər, yəni otuz bir gün gözətləyib, genə buraya qayıdasınız. Həmin cüzvi beş min manat pullarınız əvəzində ki, bir para zəruriyyəti-lazimiyyə üçün bilkülliyə məsrəf olunubdur, gümüşünüzü alıb aparasınız. Bəşərti ki, mən sizə piş əz vəqt xəbər göndərməmiş gəlməkdə sibqət eləməyəsiniz ki, məbadə günlərin sayında genə bir günə səhv qılmaq ilə bimövqe iksirin təkmilindən əqdəm buraya gəlib, o iksiri də bunun kimi xərab etməyəsiniz... Sizdən ötrü müşəxxəs olunan gümüşün üstündə xəyalımdadır ki, pullarınızın faydasını dəxi ixafə edəm, ondan ötrü ki, sizə bir parça artıq gümüş vermək, mənə görə heç bir təfavüt etməz... Amma sizin kimi əşxasa bir həbbə də puldur. Xudahafiz, yola düşün, gedin! Mənim xəbər göndərməyimə müntəzir olun! (Gedir öz çadırına başı aşağı, yavaş, öz yanında söyləyə-söyləyə). Ümid olun ki, mən sizə xəbər göndərəcəyəm. Allah qoysa o vaxtadək bir çarə taparam ki, bir də sizin üzünüzü görməyim.

Nuxulular qurumuş mat qalırlar.

Pərdə salınır

Tamam olur.

 
 

AXTAR:

BU ZAMANDA:

Kitabxanamızda 12 oxucu var

ÜMUMİ:

Səhifələrin ümumi baxılışı: 3190593